- Medes Redaktoru - Redaktor
- Favoritlərə əlavə edin
Hamiləlik nədir? İlkin əlamətləri, hamiləliyin gedişi. Doğuş
Hamiləlik - kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik dövrə verilən addır.
Hamiləliyinizin başlanğıcı cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəl, son menstruasiyanın ilk günündən qəbul edilir. Yəni, aybaşınızın başladığı gün hamiləliyiniz başlanğıc günü hesab olunur. Ancaq bu zaman ovulyasiyanın günü dəqiq məlum olmadığı üçün bu üsulu da tam dəqiq məlumat hesab etmək olmaz.
Hamiləlik öncədən planlanmalıdırmı? Statistikaya əsasən planlanmış hamiləliklər daha uğurlu başa çatır. Hamiləlik öncəsi hazırlıq ən azı 3 ay öncədən başlanmalıdır. Hamiləlik planlayan qadın bu zaman daxilində müəyyən müayinələrdən keçib lazım olan vitamin və minerallar qəbul etməlidir.
Hamiləlikdən öncə ən vacib olan fol turşusunun qəbulu mütləqdir. Fol turşusu hamiləliyin ilk həftələrində embrionun sinir borularının düzgün inkişafı üçün vacibdir. Hamiləlik planlamayan qadınlar hamiləliyin ilk həftələrini hamilə olduqlarını bilmədikləri üçün fol turşusu qəbul etmirlər. Fol turşusunun kəskin çatmamazlığı döldə sinir borusu defekti yaradır. Buna görə də hamiləlikdən ən azı 8 həftə əvvəl fol turşusu qəbul edilməyə başlanmalıdır.
Hamiləliyin ilkin elametleri
Hamiləliyin əlamətləri qadın organizmində müxtəlif dəyişiklərə səbəb olur. Bütüt qadınlarda eyni əlamətlər eyni şəkildə görülə bilməz və bəzi qadınlarda fərqli əlamətlər ola bilər.
- Menstruasiya gecikməsi - ilk əlamətidir. Təxminən 3-4 gündən sonra menstruasiya gecikdiyi təqdirdə hamiləlik qantesti ilə hamilə olub-olmadığınızı öyrənə bilərsiniz.Aptekdən alınan hamiləlik testi üçün ən azı bir həftə dövrü keçməlidir.
- Döş ağrısı - hormonal dəyişikliklər döşlərdə ağrıya səbəb ola bilər, amma hamiləliyin müəyyən bir əlaməti olmaqla kifayət deyil.
- Yorğunluq, yatmaq istəyi - progesteron hormonun artması yuxu istəyinə səbəb olur.
- Başgicəllənmə - ən çox görülən simptomların biri.
- Bulantı, qusma – döllənmədən sonra ürək bulanması və qusma ümumi şərtlərdir.
- Qoxu hissiyatının artması – sigaret, ətir və ya müxtəlif qoxulara həssaslıq artır.
- Tez-tez sidiyə getmə - xüsusilə ilk ayda proses hamiləliyin ən açıq əlamətlərindən biridir.
Qadınlar menstruasiya gecikməsini müşahidə etməyənə qədər hamilə qaldıqlarını bilmirlər. Adətən qadınların hamilə olub olmadığını müayyənləşdirmək üçün istifadə etdiyi ilk üsul evdə edilən hamiləlik testidir.
Hamiləliyin gedişi
Birinci trimestr
3-4-cü həftələr - insanın inkişafı qadının yumurtahüceyrəsinin kişinin spermatozoidi ilə mayalamasında sonra başlayır. Mayalanma yalnız yumurtahüceyrənin yumurtalıqdan çıxdığı ovulyasiya dövründə mümkün ola bilər.
Mayalanma uşaqlıq borusunda baş verir. Mayalanmadan iki sutka sonra embrion 4 hüceyrədən, 3 sutka sonra - 8 hüceyrədən, 4 sutka sonra - 10-20 hüceyrədən, 5 sutka sonra isə - onlarla hüceyrədən ibarət olur. İnkişafın ilk 4 günü ərzində insan embrionunun ölçüsü təxminən 0,14 mm təşkil edir. 5-ci gündən başlamaqla, embrion böyüyür, 6-cı gün embrionun ölçüsü – təxminən 0,2 mm olur. İnkişafın 4-cü günü xırdalanan embrion uşaqlıq borusundan uşaqlıq boşluğuna düşür. Üçüncü həftə sinir borusu əmələ gəlir. Bütün embrion boyu gedərək, baş və onurğa beyinlərinə başlanğıc verir. Embrionun mərkəzi hissəsində olan qabarıqlıqdan ürək inkişaf edəcək.
Normal gedişli hamiləlikdə mayalanmanın 7-8-ci günləri embrion uşaqlıq divarına implantasiya edir. Bəzi qadınlar implantasiya dövründə uşaqlığın yığılmasını hiss edir və zəif yaxmaşəkilli axıntı görə bilər.
5-6-cı həftələr - hamiləliyin ilk əlamətləri əmələ gəlir:
- aybaşının ləngiməsi
- sidik ifrazının tezləşməsi
- səhərlər ürəkbulanma
- əsəbilik
- kövrəklik
5-ci həftədə embrionun ölçüsü 4 mm olur. Bu dövrdə embrion yumurtaya bənzəyir. Döl yumurtasında embrion və embriondan kənar orqanlar ayırd edilir.
21-ci gün baş və onurğa beyni formalaşmağa başlayır. Embrionun ürək borusu döyünməyə başlayır.
6-cı həftənin sonuna qan dövran edir, göz yuvaları, göbək ciyəsi, əl və ayaqların mayası tam formalaşır. Böyrəklər, qaraciyər, həzm orqanları, ifrazat sisteminin əsası qoyulur.
7-8-ci həftələr - göbək ciyəsi formalaşır. Embrionun həzm traktı və tənəffüs sistemi formalaşmağa davam edir. Qolları əmələ gəlir. Cinsiyyət vəzləri formalaşmağa başlayır, ilk cinsi hüceyrələr əmələ gəlir. 8-cı həftədə gözlərin, üzün, burunun, çənənin cizgiləri formalaşır, əl-ayaq inkişaf edir. Barmaqlar formalaşmağa başlayır.
9-10-cu həftələr - embrionun cisminin uzunluğu 2,3 sm, çəkisi – 2 q-dır. Uşağın ürəyi dörd kameralı olur, iri damarlar formalaşır, endokrin vəzlər və beyin inkişaf edir. Ətraflarda barmaqlar tam formalaşmış olur, uşaq ilk dəfə ana bətnində hərəkət etməyə başlayır. Görmə siniri yaranır. Böyrəklər sidik əmələ gətirməyə başlayır. Cinsi qabarıqlıq, urogenital və anal membran əmələ gəlir.
11-12-ci həftələr - embrionda sifət, ağız boşluğu, beyin yarımkürələri, bağırsaq, düz bağırsaq tam formalaşmış olur. Dilin dad reseptorları əmələ gəlir. Üst dodaq formalaşır. Beyinciyin inkişafı başlayır, hansı ki, insanın hərəkətlərini koordinasiya edir. Dölün eritrositlərində qan qrupunu təyin edən müxtəlif aqqlütinogenlər əmələ gəlir. Cinsi vəzlərin inkişafı davam edir və dölün cinsini təyin etmək olur.
13-14-cü həftələr - dölün ölçüsü – 7,5 sm, çəkisi – təxminən 23 q olur. Uşağa oksigeni və qidalı maddələri məhz o verir və işlənmiş maddələrin çıxarılmasını təmin edir. Mədəaltı vəzi, öd kisəsi və qalxanvari vəz artıq inkişaf edib, böyrəklər sidiyi çıxarır, sümük iliyi isə - leykosit yaradır, hansı ki, uşaq doğulduqdan sonra onu infeksion amillərdən qoruyacaq.
Döl artıq kiçik insanı xatırladır, əsas orqan və sistemlərin formalaşması başa çatıb. Hamiləliyin birinci trimestri başa çatır.
Ikinci trimestr
15-26 həftələr
15-ci həftədə uşağın ölçüsü -10 sm, çəkisi -70 qr. Başda qaşlar və saçlar uzanır. Skelet və əzələlərin inkişafı davam edir.
16-cı həftədə döl və cift vahid sistem təşkil edir, döl amniotik mayedə sərbəst üzür.
17-ci həftədə dölün ölçüsü -13 sm, çəkisi - 140 qr. Dərisi hələ də nazikdir.
18-ci həftədə uşağın boyu -14 sm, çəkisi -190 qr. İmmun sistemin formalaşması başa çatır. Qadın cinsli uşaqlarda uşaqlığın formalaşması başa çatır. Süd dişlərinin mayası dentinlə örtülməyə başlayır.
19-cu həftədə dölün boyu -15 sm, çəkisi - 240 qr. Bu dövrdə USM-də uşağın döl qovuğuna, göbək ciyəsinə, öz sifətinə, ayaqlarına toxunmasını, barmaqlarını əmməsini görmək olur. Döl artıq sağ və ya sol əlindən daha çox istifadə etməyi bacarır.
20-ci həftənin sonunda dölün boyu -16 sm, çəkisi - 300 qr çox olmur. Gözlər hələ bağlıdır, amma döl uşaqlıq boşluğunda yaxşı oriyentasiya edir.
21-ci həftədə dölün ölçüsü - 27 sm, çəkisi - 360 qr. 21-ci həftədən döl çəki yığmağa başlayır. Onurğa sütununda 33 fəqərə, 150 oynaq, 1000-ə yaxın bağ olur, hansı ki, dölün böyüməsini təmin edir.
23-24 həftə - Bütün orqan və sistemlər tam formalaşıb, çəkisi 500-600 qr. 24 həftəyə qədər ağciyərlər yetişir, alveollar surfaktant istehsal edir, hansı ki, nəfəsvermə zamanı onun yapıxmasının qarşısını alır. Uşağın dərisi piqmentin hesabına şəffaflığını itirir. Onun barmaqlarının uclarında unikal izlər əmələ gəlir.
25-ci həftədə uşağın çəkisi 700-750 qr çatır. Eşitmə sistemi tam formalaşıb. Uşağın boyu iki dəfə artır.
Üçüncü trimestr
27- 40 həftələr
27-ci həftədə uşağın boyu - 35 sm, çəkisi - 1 kq qədər olur. Başın tük örtüyü formalaşır. Uşaqlığın dibi qasıqdan 28 sm yuxarı qalxır, diafraqmaya təsir edir, buna görə də anada tənəffüs problemləri ola bilər.
29-cu həftədə dölün boyu - 37 sm, çəkisi təqribən - 1150 qr.
32-ci həftədə uşağın çəkisi -1500-1800 qr olur. Erkən doğuşlarda onun sağ qalma ehtimalı əvvəlki dövrlərdəkindən yüksəkdir. Amma ağciyərlər hələ tam yetişməyib və yenidoğulmuşa küvez və tənəffüs aparatı tələb olunur.
33-34-cü həftələrdə dölün boyu - 40 sm qədər, çəkisi isə 1800-2100 qr qədər olur.
35-36-cı həftələrdə uşağın boyu 46 sm, çəkisi 2400 qr olur. Uşaq dünyaya gəlməyə hazırlaşır. Onun sinir və immun sistemləri hələ yetişir. Piy yığır, hansı ki, istilik tənzimi üçün lazımdır.
37-38-ci həftələrdə uşağın boyu 50 sm, çəkisi 2700-3000 qr qədər olur.
39-40-cı həftələr - dölün çəkisi bir qədər də artmışdır və 3 kq keçə bilər. Bütün orqan və sistemlər tam yetişib, dərialtı piy toxuması lazımi qədərdir, hiss orqanları inkişaf edib, hərəkət koordinasiya olunur.
Doğuş
Doğuş - yetişmiş və formalaşmış dölün uşaqlıq boşluğundan xarici mühitə normal fizioloji qovulma prosesidir.
Doğuş təbii, yəni təbii doğuş yolları ilə və cərrahi - keysəriyyə əməliyyatı olmaqla iki yerə bölünür. Keysəriyyə əməliyyatı planlı - doğuş bu zaman əvvəlcədən təyin olunur və təcili ola bilər, yəni əməliyyata göstəriş qəflətən meydana çıxır.
Doğuş müxtəlif dərəcəli ağrı hisslərilə müşayiət olunur. Hər bir qadın psixoloji hazırlığından asılı olaraq, bu ağrını müxtəlif cür qəbul edir.
Sancılar - uşaqlığın requlyar yığılması olub, qarnın aşağısında və/və ya beldə ağrılarla müşayiət ounur.
Doğuş üç dövrdən ibarətdir:
- Doğuşun birinci - sancı dövründə uşaqlıq boynunun açılması baş verir.
- Doğuşun ikinci - qovma və ya gücənmə dövründə uşağın doğulması baş verir.
- Doğuşun üçüncü - son dövründə, ciftin doğulması baş verir.
Adətən ilk dəfə doğan qadınlarda sancı 10-12 saat, təkrar doğanlarda isə 6-8 saat davam edir.