- Medes Redaktoru - Redaktor
- Favoritlərə əlavə edin
Qarın divarının yırtıqları
Yırtıq – orqanın və ya onun bir hissəsinin parietal peritonla birlikdə qarın divarındakı təbii və ya süni yaranmış defektlərdən dəri altına çıxmasına deyilir.
Eventrasiya və sallanmanı yırtıqdan fərqləndirmək lazımdır.
Eventrasiya – parietal peritonun tamlığı saxlanmadan qarın boşluğu orqanlarının qarın divarında kəskin inkişaf edən defektlərdən xaricə çıxmasına deyilir. Eventrasiyanın aşağıdakı növləri vardır:
- Mənşəyinə görə: anadangəlmə, posttravmatik, əməliyyatdansonrakı
- Qarın divarındakı defektin xarakterinə görə: tam (bütün qatları əhatə edən defektlərdə), hissəvi və ya dərialtı (dəri örtüyünün tamlığı saxlanmış defektlərdə).
Sallanma (prolapsus) – peritonla örtülməmiş daxili orqanın və ya onun bir hissəsinin təbii dəliklərdən bayıra çıxmasına deyilir.
Qarın divarı yırtıqlarının əmələgəlmə səbəbləri
Qarın yırtığının əmələ gəlməsinin əsas səbəbi - qarındaxili təzyiqlə qarın divarının bu təzyiqə əks‐təsir göstərmə qabiliyyəti arasındakı tarazlığın pozulmasıdır.
Yırtığı əmələ gətirən ümumi amilləri:
- Anatomik amillər – qarnın ön divarında təbii zəif yerlərin (qasıq nahiyəsinin, göbək həlqəsinin, qarnın ağ xəttinin, bud həlqəsinin) olması aiddir.
- Meyltörədici amillər – qarnın ön divarının zəifləməsinə səbəb olan amillərdir. Bunlara aşağıdakılar aid edilir: qarın divarının quruluşunun irsi xüsusiyyətləri (qarın divarında irsi təzahür edən), bədən quruluşunda cinsi, yaş və fizioloji fərqlər. Məsələn, hamiləliklə, ağır fiziki işlə, piylənmə və ya arıqlama ilə əlaqədar qarın divarında baş verən dəyişikliklər. Buraya həmçinin əməliyyatdan və ya travmadan sonra meydana çıxan qarın divarının defektlərini də aid etmək olar.
- İcraedici amillər – buraya qarındaxili təzyiqi artıran və ya onun kəskin dəyişməsini törədən amillər aiddir. Məsələn, ağır, uzun sürən doğuşlar, həddən artıq ağır yük qaldırma, uzunmüddətli qəbizlik, assit, ağciyərin xroniki xəstəlikləri zamanı uzunmüddətli öskürmələr və s.
Qarın divarının ağırlaşmamış yırtıqlarının əlamətləri
Yırtığın xarakterik əlaməti qarın divarı nahiyəsində şişkinliyin olmasıdır. Bundan əlavə, bir sıra subyektiv əlamətlər (şikayətlər) də ola bilər. Xəstələr həm şişkinlik olan yerdə, həm də qarnın digər nahiyələrində xoşagəlməz və ya ağrılı hissiyyatın olmasını qeyd edirlər. Ağrı bel nahiyəsinə, xayalığa irradiasiya edə bilər. Dispeptik pozğunluqlar – ürəkbulanma, gəyirmə, qəbizlik, qarında qurultu, köp, eləcə də sidik ifrazının tezləşməsi və ya ləngiməsi şəklində dizurik pozğunluqlar da müşahidə oluna bilər. Bu əlamətlərin təzahür dərəcəsi yırtığın formalaşma mərhələsindən asılı olur.
Başlanğıc dövrdə şişkinlik yalnız gücənmə zamanı və ya vertikal vəziyyətdə meydana çıxa bilər. Bu dövrdə ağrı, xoşagəlməz hiss daha aydın təzahür edir. Böyük yırtıqlarda ağrı olmaya da bilər, lakin dispeptik pozğunluqlar, şişkinlik hesabına yerli diskomfort ön plana keçir. Əmək qabiliyyəti azalır, belə ki, qarnın istənilən gərilməsi yırtığın ölçüsünün böyüməsinə və ağrının meydana çıxmasına səbəb olur.
Yırtığın ölçüləri çətin təyin edilə bilən kiçik ölçüdən, çox böyük ölçülərə qədər çata bilər.
Əgər yırtıq horizontal vəziyyətdə itirsə, onda o düzələn (geriyə qayıda bilən) hesab olunur. Düzəlməyən yırtıqlar nə horizontal vəziyyətdə uzandıqda, nə də ehtiyatla əllə geriyə qaytarmaq istədikdə itmir. Bu isə yırtıq möhtəviyyatı və yırtıq kisəsi arasında bitişmə proseslərinin olduğunu göstərir.
Yırtıqların ölçüsü, forması fərqli ola bilər: əksər hallarda girdə, bəzən uzunsov olur. Yırtıq işkinliyi yırtıq möhtəviyyatından asılı olaraq müxtəlif konsistensiyalı olur: piylik olduqda – yumşaq, bağırsaq ilgəkləri olduqda – yumşaq və ya möhkəm-elastiki.
Qarın divarı yırtıqlarının diaqnostikası
Qarnın xarici yırtığı diaqnozu xəstənin şikayətləri, anamnezi (xəstəliyin müddəti, əmək fəaliyyətinin xarakteri, qarındaxili təzyiqin artması və ya qarın divarı toxumalarının zəifliyi ilə müşayiət olunan xəstəliklər və s.), eləcə də xəstənin obyektiv müayinəsi əsasında qoyulur.
Obyektiv müayinə yalnız qarnın xarici yırtığını aşkar etməyə yönəlməməlidir, o tam olmalıdır, yəni bütün orqanlar və sistemlər üzrə aparılmalıdır. Bu müayinələr cərrahi müdaxiləyə göstəriş və əks-göstərişləri təyin etməyə, eləcə də əməliyyatdan sonrakı dövrdə pozulmuş funksiyaların uyğun korreksiyasını aparmağa imkan verir.
Yırtığı müəyyən etmək üçün baxış, palpasiya, perkusiya və auskultasiya həyata keçirilir. Xəstənin horizontal və vertikal vəziyyətlərində, ondan öskürmə, gücənmə xahiş olunur ki, bu da yeni başlayan və ya kiçik ölçülü yırtıqlar olan hallarda şişkinliyin meydana çıxmasını, görünən şişkinliyin isə böyüməsini müəyyən etməyə imkan verir.
Qeyd edilən müayinələr arasında palpasiya xüsusilə əhəmiyyətlidir. Palpasiya ilə yalnız görünən yırtıq nahiyəsinin deyil, həm də qarın divarının digər “zəif yerləri”nin vəziyyəti də yoxlanmalıdır. Yırtıq şişkinliyinin palpasiyası vasitəsilə onun ölçüsü, konsistensiyası, ağrının olub-olmaması, qurultu (bağırsaq ilgəyi), düzələ bilməsi, eləcə də yırtıq qapısının ölçüsü və forması, ona qonşu toxumaların vəziyyəti qiymətləndirilə bilir.
“Öskürək təkanı” simptomunun yoxlanılması vacibdir. Yırtıq kisəsi ilə qarın boşluğu arasında əlaqə olan yırtıqlarda (düzələn və düzəlməyən yırtıqlarda) bu simptom həmişə müsbət,boğulmuş yırtıqlarda isə mənfi olur.
Yırtıq şişkinliyinin perkusiyası ilə möhtəviyyatın xarakteri dəqiqləşdirilir: bağırsaq ilgəyi olan hallarda – timpanit, piylik olduqda – küt səs.
Auskultasiyada peristaltik küylərin eşidilməsi yırtıq kisəsində bağırsaq ilgəyinin olduğunu təsdiqləyir.
Qarnın xarici yırtığı diaqnozunu təsdiqləmək üçün, bir qayda olaraq, yuxarıda sadalanan simptomların aşkar edilməsi kifayət edir. Çətin hallarda, məsələn, piylənmə olduqda yırtıq möhtəviyyatının xarakterini müəyyənləşdirmək üçün USM, sistoqrafiya, irriqoqrafiya və s. kimi xüsusi müayinə metodlarından istifadə etmək məqsədəuyğundur.
Qarın divarı yırtıqlarının müalicəsi
Xəstələrin müalicəsi yalnız əməliyyatın köməyi ilə mümkündür. Qoca yaşlı xəstələrdə ağır yanaşı patologiyalar olan hallarda, əməliyyat riski yırtığın ağırlaşmasının inkişaf təhlükəsindən yüksək olduqda, onkoloji xəstələrdə, eləcə də hamiləlik zamanı planlı əməliyyat əks-göstərişdir. Xəstələrə orqanların yırtıq qapısından xaricə çıxmasının qarşısını almağa, onların vəziyyətini yüngülləşdirməyə, əmək qabiliyyətini artırmağa imkan verən bandaj gəzdirmək məsləhət görülür. Bandajdan yalnız düzələn yırtıqlarda istifadə olunmalıdır. Bandaj xəstənin uzanıq vəziyyətində fiksə olunur. Bandajdan uzun müddət istifadə olunması dəridə sürtünmə, masserasiya törədə bilər. Yırtıq qapısı nahiyəsinə daim təzyiq edilməsi mikrosirkulyasiyanı pisləşdirir ki, bu da qarın əzələlərinin atrofiyasına, eləcə də yırtıq kisəsi ilə möhtəviyyatı arasında bitişmə prosesinin meydana çıxmasına, yəni düzəlməyən yırtıqların meydana çıxmasına gətirib çıxarır.
Hazırda yırtığın 100-dən artıq cərrahi müalicə metodları mövcuddur. “Herniotomiya” termininin hərfi tərcüməsi - “yırtığın kəsilməsi”dir və əməliyyatın mahiyyətinə uyğun gəlmir. Əslində isə yırtığın xaric edilməsi zamanı yırtıq kisəsinin kəsilib çıxarılması (birinci mərhələ) və yırtıq qapısının bağlanması – plastikası (ikinci mərhələ) həyata keçirilir. Əməliyyat texniki cəhətdən sadə və az travmatik olmalıdır.
Ağırlaşmış yırtıqlarda əməliyyatdan sonra antibakterial, detoksikasion terapiya, mədəbağırsaq traktının funksiyasının bərpa olunması, eləcə də tənəffüs və ürək-damar çatışmazlığının prafilaktikası həyata keçirilir.
Ağırlaşmış yırtıqlarda letallıq 1-10% intervalında dəyişir və orta hesabla 4,9% təşkil edir. Daha yaxşı nəticələr 60 yaşa qədər olan xəstələrdə, eləcə də boğulmadan sonrakı ilk 6 saat ərzində əməliyyat olunanlarda qeyd edilir.