- Medes Redaktoru - Redaktor
- Favoritlərə əlavə edin
Xronik böyrək çatışmazlığı
Xroniki böyrək xəstəliyi - böyrək toxumasının tədricən məhv olmasıdır. Böyrəklərin funksiyasının tam itirilmə dərəcəsinə qədər azalması və büzüşməsi isə xroniki böyrək çatışmazlığı adlanır.
Böyrəklərin inkişaf edən və proqressiv ağırlaşan funksional pozğunluğu olub, uremik zəhərlənmə ilə nəticələnir. Xronik böyrək çatışmazlığı özünə xronik uremiya sindromunu, arterial hipertenziyanı, su-duz və turşu-qələvi münasibətləri pozğunluqlarını birləşdirən, bir çox nefronların məhvi və onların büzüşməsi ilə müşayiət olunan, funksional pozğunluqlarla gedən və böyrək büzüşməsinə səbəb olan ağır xronik potologiyadır.
Xronik böyrək çatışmazlığı zamanı böyrək parenximasında struktur dəyişiklikləri əmələ gəlməklə nefronun atrofiyası və büzüşməsi baş verir.
Böyrəklərin qanyaratma funksiyasında iştirakı pozulur. Belə ki, böyrəklərdə sintez olunan eritropoetinin miqdarının hipoksiyaya cavab olaraq, sağlam adamların qanında və sidiyində artması müşahidə olunur.
Böyrəklərin funksiyasının pozulması ən çox cavan yaşlarda 30-45 yaş arasında təsadüf edir. Uşaqlar xəstələrin ümumi sayının 7,2 %-ni təşkil edir.
Böyrək çatışmazlığının səbəbləri
Xəstəliyin yaranma səbəbləri müxtəlif ola bilər. Xroniki böyrək çatışmazlığı müxtəlif xəstəliklərlə yanaşı, qarşısı alına bilən səbəblərə görə də baş verə bilir.
Hipertoniya - yüksək təzyiq kimi tanınan hipertoniya ürək-damar xəstəliklərinin və insultun səbəbi kimi tanınsa da, böyrəklərə də təsir edə bilir. Zamanla yüksək qan təzyiqi böyrəklərdə kiçik qan damarlarını gərginləşdirə və böyrəklərin düzgün işləməsini dayandıra bilər. Bunun əksinə olaraq isə, yüksək qan təzyiqinin böyrək çatışmazlığına səbəb olduğu kimi, böyrək çatışmazlığı da yüksək qan təzyinə səbəb olur.
Qlomerulonefrit - böyrəklərdə glomeruli adlanan kiçik filtrasiya bölmələri vardır. Həmin bölmələrin iltihabı da böyrək çatışmazlığı xəstəliyinin yaranmasına səbəb ola bilər.
Diabet - xroniki böyrək çatışmazlığının ən çox yayılmış səbəbi olan diabet xəstəliyidir. Yüksək qan şəkəri səviyyəsi böyrəklərdəki kiçik filtrlərə zərər verə bilər və nəticədə xəstəliyin yaranmasına səbəbi ola bilir.
Ateroskleroz - böyrək arteriyalarının divarlarında xolesterolun yığılması və normal qan dövranına mane yaradılması.
Xroniki pielonefrit - böyrək toxumasının xroniki iltihabı.
Sidik daşı xəstəliyi - böyrəklərdə daşların yaranması.
Böyrəklərin anadangəlmə xəstəlikləri - polikistoz (kistaların yaranması), böyrəklərin inkişafdan qalması, böyrək arteriyalarının anadangəlmə daralması.
Adenoma və ya prostat vəzin xərçəngi zamanı sidikqovucu yolların uzunmüddətli tutulması.
Xronik böyrək çatışmazlığının diaqnostikası
Həkiminiz diqqətinizi çəkən əlamətlərin nələr olduğunu öyrəndikdən sonra fiziki müayinə edəcəkdir. Gün ərzində nə qədər sidik etdiyinizi və sidiyə çıxarkən hər hansı bir problem yaşayıb yaşamadığınızı soruşa bilər.
Böyrək çatışmazlığı diaqnozunun tam qoyulması üçün müxtəlif testlər və prosedurlar istifadə edilir. Sidik və qan testləri böyrəklərin funksiyasını tam olaraq yerinə yetirib yetirmədiyini müəyyənləşdirir və həkiminizə yardımçı olacaqdır.
Böyrəklərin ölçülərində hər hansı bir dəyişiklik olub olmadığını görmək üçün USM və ya KT kimi üsullarına müraciət edilə bilər.
Bəzi hallarda böyrək biopsiyası aparılması lazım gələ bilər.
Xronik böyrək çatışmazlığının əlamətləri
İlk olaraq heç bir nəzərə çarpan simptom olmur və yalniz qanda kreatinin və ya sidikdə zülalın artması ilə simtomlar tədricən özünü büruzə verir.
Xəstələr ləng, apatik, yuxulu olurlar, dəri quru, üz şişki olur, əzabverici dəri qaşınması, əzələ zəifliyi inkişaf edir. Oynaqların synovial mayelərində uratların yığılması hesabına oynaqlarda hərəkət zamanı ağrı, həcmə böyümə, iltihab reaksiyası, ikincili podaqra müşahidə olunur.
- Qan təzyiqi artır - bədəndə mayenin və vazoaktiv hormonların artımı nəticəsidir və bu hipertoniya və ürək durğunluq çatışmazlığ kimi xəstəliklərinin əmələ gəlməsinin təhlükəsinin artırır.
- Kalium qanda yığılması simptomları – halsızlıq, ürək aritmiyası.
- Sidik cövhərin qanda yığılması azotemiyanın simptomlarının əmələ gəlməsinə səbəb olur
- Eritropoetinin sintezi azalması - bunun nəticəsi olaraq anemiya əmələ gəlir.
- Hipokalsemiya - qanda kalsiumun azalması. Bu simptom böyrəkdə yaranan vitamin D3 miqdarının azalmasından irəli gəlir. Getdikcə hiperkalsemiya vəhiperparatiroidizm, böyrək osteodistrofiya və damarlarların kalsifikasiyası simptomların yarana bilər.
- Ürəkbulanma, qusma, iştahın itməsi
- Dəridə solğunluq, quruluq, güclü qaşınma
- Gecələr tez-tez sidiyəgetmə
- Mədə-bağırsaq yolundan, diş ətindən, burundan qanaxmalar
- Aybaşının olmaması
- İştahın pozulması
- Pəncələrdə və topuqda şişkinlik
- İntellektual aktivliyin azalması
Böyrək çatışmazlığı müalicəsi
Müalicə variantları böyrək çatışmazlığının səbəbinə bağlı olaraq dəyişir. Xronik böyrək çatışmazlığının kompensə olunmuş mərhələsində pəhriz mümkün qədər fizioloji, tam keyfiyyətli olmalıdır. Zülalların parçalanmasının qarşısını alan tədbirlər görülür.
Qanı azot şlaklarından təmizləmək üçün, maye rejimini çoxaltmaq hesabına yüksək diurez əldə edilir.
Yüksək böyrək hipertoniyası zamanı bütün hipotenziv dərman preparatları məsləhət görülə bilər, lakin bu zaman qan təzyiqinin tam normallaşdırılması məsləhət görülmür. Belə ki, bu hal böyrək yumaqcıqlarında perfuzion təzyiqi endirərək filtrasiyanı pisləşdirir.
Su-duz mübadiləsinin və turşu-qələvi müvazinətinin korreksiyası xüsusi yer tutur, belə ki, bu xəstələndə hipokalsiemiya, hiponatriemiya, uzun müddət saluretiklər qəbul etdikdə isə - hipokaliemiya əmələ gəlir. Fasiləsiz, əzabverici qusma və ishal dehidratasiya ilə nəticələnə bilər. Belə hallarda duz, qlükoza məhsulları, vitamin D2, C, B12, K, B6, PP təyin etmək lazımdır.
Hipotenziv müalicə məqsədəuyğun hesab edilir, lakin nəzərə almaq lazımdır ki, yumaqcıq filtrasiyasını kəskin azalda bilər və nisbi azotemiya vəziyyəti yaradar. Organizmin azot şlaklarından təmizlənməsi üçün mədə və bağırsaqların yuyulması, subrenal zondlama məsləhət görülür.
Təxminən 60% xəstələrdə xronik hemodializin və plazmafarezin tətbiqi terapevtik effect verir.
Xronik hemodializ uzun müddət xəstələri xronik böyrək çatışmazlığı əlamətlərindən azad edir, lakin o sağlam böyrəyin bütün funksiyasını həyata keşirə bilmir.
Xronik hemodializ xronik böyrək çatışmazlığı zamanı tədricən ürək çatışmazlığı inkişaf edən xəstələrdə tətbiq olunur.
Qan təzqiyi yüksək və yaşı 50-dən çox olan xəstələr hemodializi pis keçirilir.
Proqnozu
Xronik böyrək çatışmazlığı zamanı proqnoz əsas xəstəliyin gedişindən və onun fəsadlarından asılıdır. Böyrək çatışmazlığının fazası və inkişaf tempi də xəstəliyin proqnozunda əsas rol oynayır.
Xronik böyrək çatışmazlığı proqressiv gedişə malikdir, xəstələrin ömrünü xronik hemodializ və ya böyrək köçürmə vasitəsilə uzatmaq olar. Bəzən xronik böyrək çatışmazlığı ləng gedir, uremiyanın klinik mənzərəsi tədricən özünü büruzə verir. Digər hallarda, xüsusən qan təzyiqi yüksək olduqda, uremiyanın klinikası sürətlə, fasiləsiz inkişaf edir.
Profilaktikası
Xronik böyrək çatışmazlığının müalicəsinin çətinliyi, onu törədən əsas xəstəliyin aktiv müalicəsi problemini, dispanserizasiyasını, xronik böyrək çatışmazlığının planlı profilaktikasını ön plana çıxır. Xronik böyrək çatışmazlığı olan xəstələr, bir qayda olaraq, əmək qabiliyyətini itirmiş hesab olunurlar.